MAHMUD KAŞĞARİNİN “DİVANİ LUĞƏT İT-TÜRK” ƏSƏRİ VƏ AZƏRBAYCAN DİLİ
Xülasə. Türk dillərinə, onların öyrənilməsinə diqqət və maraq ərəb ölkələrində hələ səlcuq türklərinin xilafət ərazilərinə axınından xeyli əvvəl vardı, bu, təxminən IX əsrə təsadüf edir. Bu dövrdə demək olar ki, bütün siyasi hakimiyyəti ələ keçirmiş türk hərbi sərkərdələrinin dövləti idarə işində nüfuzu gündən-günə artdığı üçün, ərəblər türk dilini öyrənmək məcburiyyəti qarşısında qaldılar. Monqolların istilası dövründə türklərin kütləvi şəkildə qərbə köçü, məmlük sultanlarına məxsus yerlərdə onların sayının gündən-günə artımı türk dilinin öyrənilməsinə marağı xeyli dərəcədə artırmışdı. Bununla əlaqədar olaraq, ərəblərin türk dilini öyrənməsi üçün lüğətlərin, dərsliklərin yazılmasına ehtiyac yaranmışdı. Bu işin əsası XI əsrdə Mahmud Kaşğari tərəfindən qoyulmuşdu. Mahmud Kaşğarinin XI əsrdə ümumtürk ədəbi dilinin əsas mənbələrindən biri hesab edilən “Divani lüğət it-türk” əsərini yazması türkologiya üçün böyük bir mərhələnin başlanğıcı olmaqla bərabər, dünya dilçiliyində dillərin müqayisəli tədqiqinin də əsasını qoydu.
Mahmud Kaşğarinin “Divani luğət it-türk” əsəri və Azərbaycan dili mövzusunun araşdırılması, burda təhlil edilən leksik vahidlərin türk dilləri və dialektlərində də işlənməsi “türk dillərinin qədim və indiki vəziyyətinin ümumi təkamül xüsusiyyətlərini, çoxsaylı linqvistik hadisələri və faktları aşkar etmək müasir türkologiyanın qarşısında duran vacib və aktual problemlərdən biridir”. Türk xalqlarının “tarixləri, mədəniyyətləri ortaq bir kökə malik olduğu kimi, dilləri və ya dialekt və şivələri də eyni kökə əsaslanır”. Qohum türk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiq edilməsi dilçilik elminin prioritet məsələlərindəndir.
Leksik vahidlərin müqayisə olunma prosesi türk dillərinin zənginliyini üzə çıxarmaq, buradakı oxşar və fərqli cəhətləri tədqiq etmək məqsədini qarşısına qoyur ki, Mahmud Kaşğarlının əsəri də bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycan dilinin şivələrindəki dil faktları “Azərbaycan dilinin müxtəlif aspektlərdən öyrənilməsi işində tədqiqatçılara zəngin faktlar verir”. Bu sahədə bundan sonra da sistemli araşdırmaların aparılması zəruridir.
Açar sözlər: türk dilləri, türkologiya, Azərbaycan dili, lüğət, Mahmud Kaşğari
ONLAYN OXU